10 may tarixində müasir Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi qeyd ediləcək.
Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 May günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.
İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur. Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.
Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin - C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi demirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər fəaliyyəti dövründə daim bu amal uğrunda çalışır, torpaqlarımızın işğaldan azad olunması üçün bütün gücünü səfərbər edirdi.
"Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”, - deyən Ulu Öndər bir gün yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. O, həm də inanırdı ki, memarı olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək.
1988-ci ildən yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli, Qarabağ bölgəsi hər zaman ulu öndər üçün xüsusi əhəmiyyətə malik olub. O, hələ Sovet dönəmində rəhbər vəzifələrdə çalışarkən Qarabağa həssaslıqla yanaşıb, buranın ictimai-siyasi həyatının, xüsusən də mədəniyyət sektorunun dirçəlməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin Şuşaya dair sözləri Qarabağa necə sevgi ilə yanaşmasını sübut edirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Ümummilli lider fəaliyyəti dövründə hər zaman Qarabağ məsələsinə həssaslıqla yanaşmış, BMT-dən tutmuş, müxtəlif beynəlxalq təşkilatların ali kürsülərində, dünya liderləri ilə görüşlərdə bu istiqamətdə görülən işlərin effektiv nəticə verməsi üçün səylərin artırılmasını tələb etmişdi. Buna dair yüzlərlə çıxışlar, görüşlərdə səslənən fikir və bəyanatlar var ki, bütün bunlar sənədləşdirilərək tarixin arxivlərində gələcək nəsillər üçün saxlanılır.
Ulu öndərin layiqli davamçısı Şuşa vəsiyyətini reallaşdırdı.
Adını tariximizə, xalqın qəlbinə qızıl hərflərlə yazdırmağı bacarmış Ulu Öndərin qoruyub saxladığı, dirçəldib müstəqil ölkə kimi irəli daşıdığı Azərbaycan bu gün dünyada 21-ci əsrin müharibəsini aparan qalib dövlət kimi tanınır. Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ildə uğurla həyata keçirdi.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi:
“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
"Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.
Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Ulu Öndərin bu gün ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır. Onun dediyi kimi, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!
Bu gün həm Qarabağımız, həm də Şuşamız azaddır.
Sahib Şəmizadə
180 nömrəli tam orta məktəbin müəllimi, gənc fəal